Mediasiya
Elşad Səfixanov | Mediasiya Şurasının üzvü, 23 saylı mediasiya təşkilatının mediatoru
Hər bir münaqişənin arxasında həllini gözləyən dərin insan hekayəsi və anlaşılmaq istəyən tərəflər dayanır; mənim məqsədim isə emosional gərginliyi konstruktiv dialoqa çevirərək hər iki tərəfin qazandığı körpülər qurmaqdır. Mediasiya Şurasının üzvü və peşəkar mediator kimi fəaliyyətimdə hüquqi çərçivəni insan psixologiyasının incəlikləri ilə birləşdirir, məhkəmə qapılarına qədər getmədən qarşılıqlı razılığa əsaslanan ədalətli həll yolları tapıram.
İllərlə apardığım psixoloji konsultasiyalar və insan potensialının üzə çıxarılması istiqamətindəki təcrübəm mənə tərəflər arasındakı gizli səbəbləri, qorxuları və ehtiyacları dərindən oxumağa imkan verir. İnanıram ki, əsl barışıq yalnız tərəflərin səslərini eşitməsi ilə deyil, həm də bir-birlərini həqiqətən anlaması ilə mümkündür; mənim rolum bu anlaşma prosesini təhlükəsiz, neytral və peşəkar şəkildə idarə etməkdir.
Ailə, biznes və şəxsi münasibətlərdə yaranan çıxılmaz döngələri sülh yolu ilə açmaq, gərginliyi azaldaraq gələcəyə yönəlmiş sağlam qərarlar vermək üçün sizi ortaq məxrəcə dəvət edirəm. TİPY.az platformasındakı bu bölmə vasitəsilə siz təkcə psixoloji narahatlıqlarınızı həll etmirsiniz, həm də münasibətlərinizi zədələmədən, daha güclü və anlayışlı bir şəkildə irəliyə addımlamaq üçün peşəkar dəstək alırsınız.
Mediasiya nədir?
Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Tərəflərin vicdanla yanaşdıqları və mübahisəni həll etməkdə maraqlı olduqları mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalı 85%-dən yüksəkdir. Mediasiyanın belə uğurlu olmasının əsas səbəbləri aşağıdakılardır:
- Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar.
- Mediator (vasitəçi) tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin və tərəflərin mövqelərinin uzaqlaşmasının qarşısını alır. Belə ki, tərəflər vasitəçinin iştirakı olmadan mübahisəni həll etmək istədikdə, öz mövqelərini, inam görüntülərini və simalarını qorumaq üçün güzəştlərə getmirlər və müəyyən hallarda sadəcə olaraq daha aqressiv mövqe sərgiləyirlər. Qeyd edilən problemlərin qarşısının alınması isə mediatorun əsas funksiyalarındandır.
- Tərəflər mediasiya zamanı mübahisənin həllini üçüncü şəxsə etibar etmir, tam əksinə mübahisənin həllini öz əllərində saxlayırlar. Bu zaman hər hansı üçüncü şəxsin (məsələn, hakim və ya arbitrın) səhv qərar qəbul etmək ehtimalı azalır. Həmçinin, tərəflər öz müqəddəratını özləri müəyyən edirlər.
- Mediasiya prosesi məhkəmə və arbitrajdan fərqli olaraq, daha qısa müddətdə (adətən, bir gün ərzində) baş verir. Bu isə tərəflərin xərclərinə və vaxtlarına qənaət edir. Əlavə olaraq, məhkəmə və arbitraj zamanı tərəflər qərarların qüvvəyə minməsi və icraya yönəldilməsi üçün uzunmüddətli məhkəmə (arbitraj) və icra proseslərindən keçməli olurlar. Mediasiya zamanı isə adətən tərəflər barışıq sazişini qısa müddət ərzində icra edirlər. Bu zaman tərəflər bir neçə il sonra hər hansı bir məbləğ əldə etmək əvəzinə, daha qısa müddətdə və mövcud dəyəri daha yüksək olan maddi və digər nemətlər əldə edirlər.
- Mediasiya əksər məhkəmə proseslərindən fərqli olaraq, konfidensialdır. Bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, tərəflərin arasındakı mübahisənin mövcudluğunu gizli saxlayır və tərəflərin öz işgüzar münasibətlərini davam etdirməklərinə şərait yaradır.
Mediator kimdir?
Mediator — tərəflər arasında yaranan münaqişə və ya mübahisə zamanı neytral qalan, tərəflərin bir-birini daha yaxşı anlamasına və ortaq, ədalətli həll yolu tapmasına kömək edən peşəkar mütəxəssisdir.
Mediator hakim və ya vəkil deyil. O, heç kimi mühakimə etmir, kimsənin tərəfini tutmur və hansısa tərəfi haqsız çıxarıb cəzalandırmır. Əksinə, gərgin emosional mühiti sakitləşdirərək tərəflərin problemləri məhkəmə qapılarına getmədən, daha tez, az xərclə və sivil qaydada həll etməsinə şərait yaradır.
Mediatorun əsas rolunu qısaca belə xülasə etmək olar:
-
Neytrallıq
Hər iki tərəfə bərabər məsafədə durur və yalnız obyektiv anlaşma mühiti yaradır.
-
Məxfilik
Mediasiya prosesində danışılan bütün məsələlər tam gizli saxlanılır.
-
Qarşılıqlı Razılıq
Mediator qərarı özü vermir; qərarı tərəflər öz azad iradələri ilə birgə qəbul edirlər.
-
Körpü Rolu
Dialoqu kəsilmiş tərəflər arasında yenidən sağlam ünsiyyət və anlaşma körpüsü qurur.
Bir sözlə, mediator mübahisə edən tərəfləri düşmən kimi deyil, bir problemin birgə həlli üçün masa arxasında oturan tərəfdaşlar kimi görməyə kömək edən insandır.
Mediasiya Sazişinin Hüquqi Əhəmiyyəti
Mediasiya prosesinin sonunda tərəflər razılığa gəldikdə, əldə olunan şərtlər Barışıq Sazişi (Mediasiya Sazişi) şəklində rəsmiləşdirilir və mediator tərəfindən təsdiqlənir. Bu sənəd sadəcə şifahi söz və ya kağız parçası deyil, ciddi hüquqi qüvvəyə malikdir:
- İcra Olunma Məcburiyyəti
- Mediasiya sazişi tərəflər üçün hüquqi öhdəlik yaradır və könüllü icra edilməlidir.
- Məhkəmə Qərarı Gücündə
- Saziş müvafiq qaydada (notarial qaydada və ya məhkəmə tərəfindən) təsdiq edildikdə, doğrudan-doğruya məhkəmə qətnaməsi və ya icra vərəqəsi statusu qazanır.
- Məcburi İcra Mexanizmi
- Əgər tərəflərdən biri sazişdə götürdüyü öhdəliyi yerinə yetirməzsə, qarşı tərəf yenidən məhkəmə çəkişməsinə ehtiyac duymadan sənədi birbaşa İcra Məmurlarına (İcra Xidmətinə) təqdim edərək məcburi icrasını tələb edə bilər.
- Zaman və Xərc Qənaəti
- İllərlə sürən məhkəmə proseslərindən fərqli olaraq, mediasiya sazişi həm vaxtınıza qənaət edir, həm də rəsmi hüquqi zəmanət verir.
Mediator olaraq hüquqlarım və səlahiyyətlərim
Mediasiya prosesinin ədalətli, səmərəli və qanunvericiliyin tələblərinə tam uyğun şəkildə baş tutması üçün mediator kimi qanunla müəyyən edilmiş xüsusi hüquq və səlahiyyətlərə malikəm. Bu hüquqlar həm prosesin keyfiyyətini qoruyur, həm də tərəflərin bərabərhüquqlu mühitdə dialoq aparmasına zəmanət verir:
- Prosesin təşkili və idarə edilməsi Tərəflərlə razılaşdırmaqla mediasiya sessiyalarının vaxtını, formatını və keçirilmə qaydasını müəyyən edirəm. Zərurət yarandıqda ümumi iclaslarla yanaşı, hər bir tərəflə ayrılıqda (konfidensial) görüşlər keçirərək gərginliyin azaldılmasına və ortaq nöqtələrin tapılmasına şərait yaradıram.
- Məlumat və sənədlərlə tanışlıq Mübahisənin mahiyyətini obyektiv şəkildə anlamaq və prosesi düzgün yönləndirmək üçün tərəflərdən iş üzrə zəruri məlumatları, izahatları və sənədləri təqdim etmələrini xahiş və tələb etmək hüququna malikəm.
- Mütəxəssis və ekspert rəyinə müraciət Tərəflərin razılığı olduğu təqdirdə, mübahisənin spesifik tərəflərinə (maliyyə, hüquq, qiymətləndirmə və s.) aydınlıq gətirmək məqsədilə müvafiq sahə üzrə mütəxəssislərdən rəy alınması təşəbbüsü ilə çıxış edə bilərəm.
- Tam müstəqillik və qərəzsizlik zəmanəti Fəaliyyətim zamanı heç bir dövlət orqanından, vəzifəli şəxsdən və ya kənar təsirlərdən asılı deyiləm. Qərarlarımı və prosesin gedişatını yalnız qanunvericilik və peşəkar etika prinsipləri əsasında tənzimləyirəm.
- Prosesdən imtina etmək hüququ Əgər tərəflərdən biri ilə maraqların toqquşması yaranarsa, neytrallığıma kölgə salacaq hal baş verərsə və ya tərəflərin davranışı mediasiya prinsiplərinə zidd olarsa, prosesin istənilən mərhələsində mediasiyanın aparılmasından imtina etmək hüququm var.
- Konfidensiallığın qorunmasını tələb etmək Sessiya zamanı səsləndirilən bütün fikirlərin, təkliflərin və təqdim olunan məlumatların məxfi saxlanılmasını tələb edirəm. Qanunla nəzərdə tutulmuş istisna hallar xaricində, bu məlumatların sonradan məhkəmədə sübut kimi istifadə olunması yolverilməzdir.
Mediasiya yoxsa Məhkəmə? — Əsas Üstünlüklər
Həllini gözləyən mübahisələrdə ənənəvi məhkəmə yolu ilə alternativ həll yolu olan mediasiya arasında seçim edərkən prosesin mahiyyətini, vaxtınızı və emosional rahatlığınızı qiymətləndirmək vacibdir. Mediasiyanın məhkəmə ilə müqayisədə əsas üstünlükləri bunlardır:
-
Vaxta qənaət: Bir neçə il yox, bir neçə gün
Məhkəmə
İşin məhkəməyə verilməsi, bitməyən iclaslar, instansiyalar üzrə baxılması və qətnamənin qüvvəyə minməsi aylarla, hətta illərlə davam edir. Bu uzanan qeyri-müəyyənlik təkcə təqvimdəki günləri deyil, həm də insanın daxili enerjisini, əsəblərini və həyat keyfiyyətini tükəndirir; həll olunmamış mübahisə illərlə ağır bir yük kimi çiyinlərdə qalır.
Mediasiya
Proses qısa müddətdə (əksər hallarda bir neçə gün ərzində, hətta cəmi bir günə) başa çatır. İllərlə sürən gərginlik və gözlənti yerini sürətli aydınlığa və daxili rahatlığa verir — siz keçmişin mübahisəsində ilişib qalmaq əvəzinə, vaxtınızı və enerjinizi dərhal öz gələcəyinizə, ailənizə və işinizə yönəldə bilirsiniz.
-
Maliyyə baxımından sərfəlilik
Məhkəmə
Yüksək dövlət rüsumları, ekspertiza ödənişləri, uzunmüddətli vəkil xidmətləri və proses uzandıqca ortaya çıxan gözlənilməz xərclər insanın çiyinlərinə ağır maliyyə yükü qoyur. Maddi itki qorxusu və artan xərclər mövcud mübahisənin yaratdığı gərginliyi daha da dərinləşdirir, insanı həm mənəvi, həm də iqtisadi cəhətdən tükəndirir.
Mediasiya
Minimum və şəffaf xərclərlə maksimum səmərəlilik təmin edir. Tərəflər özlərini uzunmüddətli maliyyə itkilərindən və xərc narahatlığından qoruyur, vəsaitlərini məhkəmə çəkişmələrinə deyil, öz gələcək planlarına, ailələrinin rifahına və yeni başlanğıclara yönəldə bilirlər.
-
Qərarın sahibi sizsiniz (Nəzarət hüququ)
Məhkəmə
Həyatınıza, ailənizə və ya biznesinizə birbaşa təsir edəcək son qərarı sizin hekayənizə kənardan baxan üçüncü şəxs – hakim verir. Proses zamanı tərəflər nəticəyə təsir imkanını itirir və qəbul edilən qətnamə ilə barışmaq məcburiyyətində qalırlar; bu isə insanda çarəsizlik, narazılıq və məğlubiyyət hissi yarada bilir.
Mediasiya
Masa arxasında heç kim sizin yerinizə qərar vermir — son sözü tərəflərin özləri azad iradələri ilə deyirlər. Öz həyatınız üzərində nəzarəti əlinizdə saxlamaq insana daxili güc və arxayınlıq verir; tərəflərin özlərinin formalaşdırdığı razılaşma isə hər iki tərəf üçün həm ədalətli, həm də könüllü qəbul edilən olur.
-
Münasibətlərin qorunması və konfidensiallıq
Məhkəmə
"Qalib və məğlub" məntiqi üzərində qurulmuş açıq çəkişmə mühiti tərəflər arasındakı gərginliyi zirvəyə çatdırır, ailə bağlarını və ya uzunillik işgüzar tərəfdaşlığı bərpaolunmaz şəkildə zədələyir. Üstəlik, prosesin açıq olması şəxsi və kommersiya sirrlərinin kənara çıxması riskini yaradır.
Mediasiya
Proses tamamilə məxfidir (konfidensialdır) və qapalı mühitdə keçirilir. Emosional gərginliyi neytrallaşdıraraq tərəfləri qarşıdurmadan dialoqa dəvət edir, qarşılıqlı hörməti qoruyur və gələcəkdə həm insani, həm də işgüzar münasibətləri davam etdirmək üçün sağlam zəmin yaradır.
-
İcraolunma asanlığı
Məhkəmə qərarı
Məhkəmə prosesi bitsə belə, əsl yorğunluq çox vaxt bundan sonra başlayır — qarşı tərəfin apellyasiya şikayətləri, uzanan icra mərhələləri və nəticəsiz gözləntilər insanda "hər şey bitdi, amma heç nə həll olunmadı" kimi dərin məyusluq və emosional tükənmə yaradır.
Mediasiya sazişi
Tərəflərin öz razılığı ilə əldə olunduğu üçün saziş əksər hallarda məcburiyyət olmadan, könüllü və səmimi şəkildə icra edilir. Üstəlik, notarial qaydada təsdiq edildikdən sonra birbaşa məhkəmə qətnaməsi və icra vərəqəsi statusu qazanır — bu isə sizə həm hüquqi təminat, həm də məsələnin həqiqətən bağlandığına dair tam daxili rahatlıq verir.
-
Mübahisənin Həllindən Sonra: Təkrar Müraciət və Dəyişiklik İmkanları
Məhkəmə qərarı (Res Judicata)
Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda, eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla təkrar məhkəməyə müraciət etmək qəti qadağandır (Mülki Prosessual Məcəllə). Yəni məhkəmə həmin mübahisəni birdəfəlik bağlayır, şərait dəyişsə belə eyni iddia ilə yenidən məhkəməyə gedilmir.
Mediasiya sazişi
Əgər tərəflər barışıq sazişi bağlamayıblarsa və ya bağlanmış sazişdə müəyyən məsələlər açıq qalıbsa, hətta saziş bağlandıqdan sonra yeni şərait yaranıbsa və ya tərəflər qarşılıqlı razılıqla şərtlərə yenidən baxmaq istəyirlərsə — istənilən vaxt yenidən mediasiyaya müraciət etmək mümkündür.
Kiçik hüquqi qeyd: Əgər mediasiya sazişi artıq bağlanıb və məhkəmə tərəfindən təsdiq edilibsə, həmin sazişlə həll olunmuş eyni tələblə təkrar məhkəmə iddiası qaldırmaq olmur, lakin tərəflərin qarşılıqlı iradəsi ilə yeni şərtlər üzrə yenidən mediasiya masasına oturmaq heç bir məhdudiyyət yaratmır.
Qanunvericilik
Müraciət et
Mübahisələrin ilkin qiymətləndirilməsi, mediasiya prosesi ilə bağlı ümumi məlumatlandırma və konsultasiya. Müraciətinizi psixoloq-mediator Elşad Səfixanov oxuyur.